“Rusiyada yaşayan zəngin ermənilər rəsmi Moskva üçün təsir və təzyiq vasitəsi, mexanizmidir”.
Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda rəsmi Moskvanın atacağı addımlardan söz açan siyasi şərhçi bildirib ki, Kreml İrəvana qarşı ərazisində yaşayan erməni milyarderlərdən gələcəkdə istifadə edə bilər:
“Bu mexanizmdən bütün hallarda istifadə olunacaq. Çünki Rusiya erməni diasporundan öz məqsədlərinə uyğun istifadə edir. Sadəcə olaraq Moskva bu aktivi gələcək üçün saxlayır. Ancaq tərəflər arasında son vaxtlar yaranmış maraq münaqişəsi hələlik bu kartdan istifadəyə əsas vermir. Çünki hazırda siyasi baxımdan əlverişsiz şərait yaranıb”.
Politoloqun sözlərinə görə, Rusiya tərəfi düşünür ki, gec-tez Ermənistanda hakimiyyət dəyişikliyi üçün əsas yaranacaq və bundan sonra Moskva oradakı ermənilərdən istifadə etmək niyyətinə düşəcək.
Ermənistan siyasi rəhbərliyinin Rusiyanı Qərblə əvəz etmək istəyinə gəldikdə isə İ.Vəlizadə vurğulayıb ki, burada bir sıra problemlər var, bunlardan biri də hazırda rəsmi İrəvanın Moskvadan külli miqdarda pul almasıdır:
“Ermənistana vəsaitlər keçirilir, son olaraq təxminən 3,5 milyardlıq birbaşa köçürülmələr baş vermişdi, bu isə Ermənistan büdcəsinin 17 faizini təşkil edir, Qərbdən Ermənistana köçürmələr isə dəfələrlə azdır. Düşünmürəm ki, Qərb ölkələri yaxın dövrdə Rusiyanı bu baxımdan əvəzləyə bilsinlər”.
Ekspert Qərbin əslində yaxın zamanda Rusiyanı əvəzləməyə tələsmədiyini də diqqətə çatdırıb:
“Hadisələr göstərir ki, Qərb bunu etməyə tələsmir. çünki Qərbin başqa problemləri var, ona görə də Ermənistanın apardığı siyasət çox təhlükəlidir və müəyyən problemlərlə nəticələnə bilər. Hazırda görünən odur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu siyasəti aparmağa imkanı var və bundan maksimum yararlanmaq istəyir. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanla bütün münasibətləri pozsa, onda Ermənistanda dərin iqtisadi böhran baş verə bilər”.
guncelxeber.com