Moskvada teraktın təşkilində şübhəli bilinən 4 nəfər Ukrayna sərhədində saxlanılıb – YENİLƏNİR + FOTO/VİDEO

By guncelxeber.com Mar 23, 2024

Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları “Crocus City Hall” konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində saxlayıblar.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib. Bildirilir ki, artıq onlarla müstəntiqlər məşğul olurlar.

Həmçinin qeyd olunur ki, şübhəlilər Ukrayna ilə sərhədin yaxınlığında saxlanılıblar.

“Telegram” kanallarında saxlanılan daha bir şübhəlinin şəkli yayılıb:

12:14

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinən 11 nəfər saxlanılıb.

Bu barədə Kremlin Mətbuat Xidmətindən xəbər verilib.

“Rusiya Federal Təhqiqatlar Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ölkə başçısı Vladimir Putinə “Crocus City Hall”dakı terror aktında iştirak edən 11 nəfərin, o cümlədən dörd terrorçunun saxlanılması barədə məlumat verib”, – deyə Mətbuat Xidmətindən vurğulanıb.

11:54

“Crocus City Hall”da terror aktında əli olmaqda şübhəli bilinən şəxslərin saxlanılmasının təfərrüatı məlum olub.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, şübhəlilərin idarə etdiyi “Renault” markalı avtomobil gecə saatlarında Bryansk vilayətinin Karaçinski rayonu Xatsun kəndi ərazisində aşkarlanıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə baxmayaraq, sürücü maşınını saxlamayıb və qaçmağa cəhd edib. Təqib zamanı atəş açılıb və avtomobil aşıb. Bir terrorçu yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıblar. Axtarış nəticəsində yerli vaxtla saat 3:50-də ikinci şübhəli aşkar edilərək saxlanılıb”, – deyə deputat bildirib.

O qeyd edib ki, digərlərinin axtarışı davam etdirilir.

Deputat vurğulayıb ki, avtomobildən bir ədəd PM tapançası, AKM avtomatı üçün daraq və Tacikistan vətəndaşlarının pasportları aşkar edilib.

10:25

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”a hücumda şübhəli bilinən iki nəfər Bryansk vilayətində ələ keçirilib.

Bu barədə “Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda – Tyoplıy kəndi yaxınlığında saxlanılıb.

İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: Onlardan dördü qaça bilib. Qaçan şəxslərin kimliyi məlum olub.

Bunların:

Məhmədrəsul Nəsridinov –  37 yaş;

Rivojidin İsmonov – 51 yaş;

Şoxinjon Safolzoda – 21 yaş;

Rüstəm Nəzərov – 29 yaş olduğu bildirilir. Onların hamısının Tacikistan vətəndaşları olduğu deyilir.

Hazırda onların terror aktında iştirakları yoxlanılır.

Qaçan dörd nəfərin axtarışına başlanılıb.

01:44

Moskva vilayətində (Rusiya) “Crocus City Hall” konsert zalında terror aktını təşkil etməkdə şübhəli bilinən şəxslərin qaça bildiyi ehtimal edilən avtomobilin fotosu yayılıb.

Qeyd olunur ki, terror aktında əli olmaqda şübhəli bilinərək Rusiyanın Tver vilayətinə aid dövlət nömrə nişanı olan ağ rəngli “Renault” markalı avtomobil axtarılır. Qeydiyyat nişanının rəqəmləri çox güman ki, saxtadır.

Avtomobil Moskvada, Moskva vilayətində, eləcə də qonşu rayonlarda axtarılır.

Xatırladaq ki, bu gün “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.

 

 

Mənbə: “Baza” “Telegram” kanalı

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir