Hansı peşə ilə məşğuliyyətindən asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stres, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzunmüddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəliklərinin nə vaxt başladığını dəqiq bilmək çətindir.
Lakin mütəmadi olaraq tibbi müayinədən keçməklə, peşə xəstəliklərini ilkin mərhələdə müəyyən etmək mümkündür.
Məsələn, deyilənlərə görə, müəllimlərdə görmə zəifliyi, cərrahların isə şəkər xəstəliyi olur. Söylənənlərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün tibb elmləri doktoru, tibb eksperti Adil Qeybullaya müraciət olunub.
Maraqlıdır, hansı peşələrin özünəməxsus xəstəlikləri var?
Adil Qeybulla Bizim.media-ya bildirib ki, əslində şəkərli diabeti peşə xəstəliyinə aid etmək düzgün deyil:
“Bu, ya orqanizmdəki meyillilikdən, genetik defektdən, ya da insulin müqavimətindən qaynaqlanır. Hər bir peşədə stress var, o cümlədən həkimlərdə də bu, mövcuddur. Belə hesab edirəm ki, peşə xəstəlikləri daha çox istehsalatla məşğul olan insanlarda olur”.
Həkim bildirib ki, Azərbaycanda da peşə xəstəlikləri ilə bağlı zamanında kifayət qədər tədqiqat aparılıb:
“Lakin düşünürəm ki, bu gün əl əməyinin avtomata keçməsi peşə xəstəliklərinin də sayını xeyli azaldıb. Əmək fəaliyyətindəki müdafiə vasitələri də bu kimi problemlərin qarşısını almağa kömək edir. Bütün bunlara baxmayaraq, peşə xəstəlikləri var”.
Adil Qeybulla bir sıra peşələrə xas olan xəstəliklərin də adını çəkib:
“Məsələn, sürücülərdə babasil, radikulit (bel oynaqlarında sinir köklərinin iltihabı), aşağı ətrafların damar xəstəlikləri olur. Bundan başqa, bərbərlərdə artrit (barmaq oynaqlarında problem), əllərdə qiqromalar (oynaq və ya vətərlərin yanında yaranan şiş), həkimlərdə venaların varikozu (damar genişlənməsi), oynaq xəstəlikləri, virus hepatitləri ilə yoluxmalar, nevroz olur. Eyni zamanda, müəllimlərdə də varikoz və artroz (oynaq xəstəlikləri) olur”.
guncelxeber.com