Prezidentin köməkçisi: “Azərbaycan qlobal Şimal və Cənub arasında körpü ola bilər”

By guncelxeber.com Mar 21, 2024

“Bakıda keçiriləcək “COP29” konfransının əsas mövzusu kifayət qədər mürəkkəb məsələ olan iqlim üçün maliyyə olacaq. Amma Azərbaycanın bir sıra üstünlükləri var ki, bu da ona müxtəlif mövqe və baxışa malik olan tərəflər arasında konsensusa nail olmağa imkan verə bilər”.

“Report” xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu çətin məsələdir, həm də müxtəlif nöqteyi-nəzərdən tərəflər arasında konsensus tapmaqdır. Amma mən hesab edirəm ki, buna nail olmaq mümkündür”, – Azərbaycan Prezidentinin köməkçisi bildirib.

Onun sözlərinə görə, Azərbaycan qlobal Şimal və Cənub fikirlərini bir araya gətirmək üçün əlindən gələni edəcək, eyni zamanda sonuncunun da səsi eşidilməlidir:

“Qlobal Cənub, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin özünəməxsus problem və çətinlikləri var, buna görə də Ziyan və Zərər Fondu yaradılıb. Maliyyə məsələləri və maliyyə resursları əsasdır”.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycanın belə bir həll və konsensus tapmaq üçün strateji üstünlüyü var:

“Azərbaycan inkişaf etməkdə olan ölkədir, Qoşulmama Hərəkatına uğurla sədrlik edib, dünyanın demək olar ki, yarısını əhatə edən G77 və Çin qrupunun üzvüdür. Azərbaycan həm də bəzi Avropa qurumlarının üzvüdür və Aİ ilə əlaqələri mövcuddur. Düşünürəm ki, belə bir mövqe konsensusun əldə edilməsində və həmçinin qlobal Şimal və Cənub arasında daha böyük həmrəyliyin əldə edilməsində mühüm rol oynayacaq”.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir