Faiq Sücəddinov: “Heç bir süni intellekt sevgini yarada bilməz” – MÜSAHİBƏ + FOTO

By guncelxeber.com Mar 21, 2024

“Hər bir şey dəyişir və dəyişəcək də. Amma “Səni sevirəm” həmişə qalacaq”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Xalq artisti, “Şöhrət” ordeni laureatı, Prezident təqaüdçüsü, bəstəkar Faiq Sücəddinov deyib. Onunla müsahibəni təqdim edirik:

– Vətən, Zəfər sizin bəstəkar kimi yaradıcılığınızda bir ana xətt kimi keçir. Sanki qalan bütün əsərləriniz də Vətənə sevgidən insanlara sevgiyə sirayət edərək yazılıb. Elə bircə “Vətən” balladanız yetər ki, bu sevginin hansı yüksəklikdə olduğu məlum olsun.

– “Vətən” balladası mənim ən gözəl hisslərimin təzahürüdür. Onun içində hər şey demişəm. Amma 44 günlük müharibədə qazandığımız qələbə məni yenidən ruhlandırdı. Və mən “Zəfər” simfonik poemasını bəstələdim. Əsərin baş partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi və simfonik orkestrin müşayiəti ilə Xalq artisti Samir Cəfərov oxudu. Daha sonra “Şuşa ili” elan olunanda ikinci əsərimi – “Şuşa” oratoriyasını yazdım. Ötən il ulu öndər “Heydər Əliyev ili” idi. Ona rekviyem bəstələdim. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi və simfonik orkestri ilə birlikdə lentə aldıq o musiqini.

İndi isə çox həyəcanlı günlər yaşayıram. Martın 27-də Heydər Əliyev adına Sarayda “Zəfər” adlı konsert verəcəyəm. Bu konsert bizim o böyük zəfərimizin musiqidə həkkidir. Bilirsinizmi, mən hesab edirdim ki, zəfərimiz musiqidə də qalmalıdır. Çünki musiqi qalan şeydir, nəsillərdən-nəsillərə keçən bir şeydir. Zəfərimiz isə bizim ilk zəfərimizdir. Biz tarixdə ilk dəfə olaraq torpaqlarımızı geri ala bildik, suverenliyimizi bərpa edə bildik. Bu nəyin sayəsində baş verdi? Ali baş komandan İlham Əliyevin siyasəti, hərbçilərimizin cəsarəti və əlbəttə ki, bütün xalqımızın inamı, sevgisi sayəsində bu qələbəni qazandıq. Həmin günlər, İlham Əliyevin həm ölkə, həm də dünya qarşısında çıxışlarını, atdığı qələbə tvitlərini heç vaxt unutmaram. Mən şəhidlərimizin ruhunun, onların ailələrinin, qazilərimizin qarşısında baş əyirəm. Bu il növbədənkənar seçki keçirildi. Xalqımız yekdilliklə qalib ölkənin qalib prezidentinə səs verdi. YAP-ın 30 illiyinə yazdığım himnlə İlham Əliyev seçkiyə getdi. Mən o seçkini “Zəfər seçkisi” adlandırıram. Bilirsinizmi,  insanlar o anları, o günləri, bizi zəfərə aparan o prezidenti heç vaxt yaddan çıxarmayacaqlar.

– Peşəkar musiqiçi olmaq üçün nələr lazımdır?

– Sənət çox qəliz, dərin və çətin bir şeydir. Sənətkar olmaq üçün bilik lazımdır, istedad lazımdır və ən vacibi isə zəhmətdir. Yəni peşəkar musiqiçi olmaq üçün təkcə istedad kifayət etmir, zəhmət çəkmək də lazımdır. Əslində, digər sahələrdə də belədir. Baxın mənim masamın üstünə. Karandaş, pozan, not dəftəri qarşımdadır. Mən hər gün işləyirəm, hər gün nə isə yazıram. Yaradıcı adam gərək hər gün öz üzərində işləsin, başqa cür mümkün deyil. Bir də musiqi bəstələyəndə gərəkdir ki, bizim öz musiqimizə xələl gəlməsin. Bizim musiqimiz özünəməxsusdur. Ona toxunmaq, zərər vermək olmaz. Bəzən deyirlər ki, filan mahnı köhnədir. Mahnı heç vaxt köhnə və ya təzə olmur. Yaxşı və ya pis mahnı olur. Yadda qalan, sevilən, dillər əzbəri olan bütün mahnılar yazılma tarixindən asılı olmayaraq, yaxşı mahnılardır.

– Bu cür monumental əsərlərlə yanaşı, siz həm də çox gözəl mahnıların müəllifisiniz. Mahnı janrında musiqi bəstələyərkən şeir seçiminizdən danışaq. Nəyə daha çox diqqət edirsiniz? Hansı məqam sizin üçün daha önəmlidir?

– Əslində, mahnı janrı çox qəliz janrdır. Bəstəkar söz seçərkən son dərəcə diqqətli olmalıdır. O, elə söz seçməlidir ki, ürəkləri fəth eləsin, yadda qalsın. Və bəstəkar ona elə gözəl musiqi bəstələməlidir ki, üç dəqiqə ərzində dinləyiciyə bütün hissi ötürə bilsin. Bax, bu, əsl mahnının yaranması üçün lazım olan ən vacib detallardır. Azərbaycan poeziyası çox gözəldir. Sözlərdə məna var, axıcılıq, gözəllik, sevgi var.

– Nəğmə olmaq istəyirəm, ay ana,

Mən səslənim, batma dərdə, qəmə sən!

– Ol, ay bala, anan qurban boyuna!

Sən, onsuz da, mənə sonsuz nəğməsən…

Bu sözlər Xalq şairi Nəbi Xəzrinindir. Görün necə gözəl misralardır. Mən bu şeirə mahnı yazmışdım, Xalq artisti Flora Kərimova da ifa etmişdi. Sözüm odur ki, şeir çox önəmli və vacib nüansdır. Yəni mahnıda söz musiqi ilə bərabər gedir. “Yüz il ömür sürəydim bir gün xəstələnməyib!” Bu da Xalq şairi Rəsul Rzanın unudulmaz misralardır. Hər bir insan çox yaşamaq istəyir. Sənət adamlarında bu daha çox özünü büruzə verir. Onlar övladlarına görə, əzizlərinə görə və həm də sənətinə görə, sanki daha çox yaşamaq istəyirlər. Çünki daha çox yaratmaq arzusu daim onlarladır. Təəssüf ki, haradasa həyat qırılır, hansısa işlər, arzular yarımçıq qalır. Elə sənətin özü də…

Son zamanlarda çox gözəl müğənnilərlə işlədim. Samirə Efendinin ifasında “Sev məni”, Zamiqin “Səni gözləyirəm” və s. mahnılarım işıq üzü gördü. Ondan başqa, Zabitə Əliyeva, Lalə Məmmədova, Samir Cəfərov, Mübariz Tağıyev, Rəşad İlyasov və digər müğənnilərin ifasında mahnılardan ibarət disk buraxdıq.

– Bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi bəstəkarların xəttini davam edən yeni dövr bəstəkarları varmı?

– Dünya tarixində Lüdviq van Bethoven, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart, Antonio Vivaldi və s. kimi məşhur bəstəkarlar olub. Onlar özlərindən sonra böyük bir irs, böyük bir iz buraxıb gediblər. Həmçinin, Leonardo da Vinçi, Vinsent van Qoq, Pablo Pikasso, Mikelancelo kimi rəssamlar yaşayıb-yaradıblar. Bu cür insanlar yüz ildə, iki yüz ildə bir dünyaya gəlirlər. Bu gün çox istedadlı bəstəkarlarımız var, təbii ki. Amma siz sadalayan bəstəkarlar, həm də elə Nizami, Füzuli, Cabir Novruz, Səməd Vurğun və s. kimi şairlər hər gün dünyaya gəlmir. Eyni zamanda, rejissorları da deyə bilərəm. İndi yaxşı rejissorlarımız olsa da, Həsən Seyidbəyli, Adil İskəndərov və s. kimi rejissorlar da nadir hadisələrdir.

Möhsün Sənani, Leyla Bədirbəyli, Əliağa Ağayev, Nəsibə Zeynalova kimi gözəl aktyorlarımız olub. İndi də var yaxşı, istedadlı aktyorlarımız, yetişirlər. Amma kino olmayanda onlar peşəkarlıqlarını itirirlər. 17 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində dərs demişəm. Aktyor hər gün səhnəyə çıxmalıdır, bəstəkar hər gün yazmalıdır, musiqiçi hər gün musiqi ilə məşğul olmalıdır, həkim hər gün fonendoskopla qulaq asmalıdır, mütaliə etməlidir, oxumalıdır. Yəni hər bir peşə sahibi öz işinə bağlı olmalıdır, öz üzərində işləməli, yenilikləri öyrənməlidir. İşinin, peşəsinin fədakarı olmalıdır. İstedad öz yerində, amma bu yolda fədakarlıq olmasa, alınmaz. Heç bir adam deyə bilməz ki, mən yaxşı, maraqlı bir əsər yazdım, amma qaldı stolun üstündə. Belə bir şey ömründə ola bilməz. O, mütləq özünü büruzə verəcək, üzə çıxacaq. Baxın, bizim şəhidimiz Xudayar Yusifzadə. Onun o gözəl səsini, ifasını Azərbaycan xalqı tarix boyu unutmayacaq. Ömrünün lap axırıncı anında olsa da belə, o istedad – o səs üzə çıxdı, onu hamı tanıdı, hamı sevdi və o, əbədiyyətə qovuşdu.

Hesab edirəm ki, əsas – suverenliyimizin bərpası, düşmən tapdağı altında qalan torpaqlarımızın geri alınması idi. Onları da, şükür Allaha, geri aldıq. Bundan sonra kinomuz da olacaq, musiqimiz də. Ümumiyyətlə, hər şey yaxşı olacaq, hər şey yoluna düşəcək.

 

– Vətəni hamı sevir, amma hərə bir cür sevir. Sizin sevginiz də bir başqa cürdür – əsl, pafosdan uzaq vətənpərvər bir sevgidir. Bəs bu cür sevgi haradan qaynaqlanır?

– Bəli, mən çox vətənpərvər, Vətənimə bağlı bir insanam, ölkəmi çox sevirəm. Mən bir balaca tarixə qayıtmaq istəyirəm. Bizdə Azərbaycanla yanaşı, Türkiyəyə qarşı həmişə böyük sevgi olub. 1930-cu illərdə isə sevgi o qədər böyük idi ki, kişilər başlarına fəs də qoyurdular, türk ləhcəsində olan sözlərdən də istifadə edirdilər. Radioda dalğanı tutub türk mahnılarına qulaq asırdılar. Peşəsi həkim olan atam Ağamir Mirsüccənin (Bizim soyadımız Mirsüccə olub, seyid nəslindənik. Sovet hökuməti qurulanda soyadımızı Sücəddinov yazdılar) də ölkəmizlə eyni səviyyədə Türkiyəyə böyük sevgisi vardı. Qanlı-qadalı repressiya illərində bu adamları çox sıxışdırırdılar. 1937-ci ildə atama da pantürkist damğası vurub həbs etdilər. Amma o, öz sevgisindən əl çəkmədi. İki il həbsdə qaldıqdan sonra bəraət qazandı və onu buraxdılar. O, ömrünün sonuna kimi Azərbaycan və Türkiyə sevgisi ilə yaşadı. Əhməd Cavadı, Mikayıl Müşfiqi, Hüseyn Cavidi çox sevirdi. Vətənə olan sevgim mənə ondan gəlib.

– Poeziya ilə sıx əlaqəlisiniz. Bəs proza? Nəsr əsərlərinin mütaliəsinə də vaxtınız qalırmı?

– Təəssüf ki, indi zaman, sanki çox tez keçir. Əvvəlki illərdəki kimi ədəbi mütaliəyə vaxtım elə də çox qalmır. Amma gənclik illərimdə mən çox mütaliə edirdim. Ən çox da qərb ədəbiyyatını sevirdim, ancaq onları oxuyurdum. Amma ilk dəfə Cəlil Məmmədquluzadənin əsərlərini oxuyandan sonra Azərbaycan ədəbiyyatını sevdim, onun necə dərin, necə zəngin olduğunu gördüm. Və ondan sonra davamlı olaraq öz əsərlərimizi oxumağa başladım.

– Bəs filmlərimiz haqqında nə deyə bilərsiniz?

– Bizim çox yaxşı filmlərimiz vardı. İndi bir qədər bu sektorda işlər ləngiyir. Amma mən çox istərdim ki, qəhrəmanlarımız, xeyriyyəçilərimiz haqqında filmlər çəkilsin. Qoy onları bütün dünya tanısın. 1958-ci ildə Mehdi Hüseyn – Mixaylo haqqında çəkilən film bütün sovet ölkələrinə səs salmışdı. Hamı bildi ki, bizim necə qəhrəmanımız olub. Ona heykəl də qoyuldu. Yeri gəlmişkən, mən real Anjelikanı (bəlkə də, adı başqa idi, unutmuşam) da görmüşəm. Onda onun haradasa 82-83 yaşı vardı. Təəssüflə dedi ki, mən Mehdini sevirdim. Əfsuslar olsun ki, Mehdi məni sevmədi. (Filmdə bir qədər başa cür çəkiblər amma).

– Süni intellekt indiki dövrdə az qala insanı da əvəz edir. Yaradıcılıqla bağlı ortaya çıxardıqları adamları valeh edir. Buna münasibətiniz necədir?

–  Həyatda sevgidən gözəl heç nə yoxdur. Sevgidir dünyanı saxlayan. Heç bir süni intellekt sevgini yarada bilməz, onu digərinə ötürə bilməz. O süni intellekt gözəl şeir yaza bilməz, gözəl musiqi bəstələyə bilməz, gözəl roman yaza bilməz. Hər necə yaxşı olsa da, o, cansızdır, ruhsuzdur. Adı üstündədir – süni! Allah-taala bizi yaradanda bizə sevgi ruhu verib. Ən böyük sevgi əsərləri də elə ondan yaranıb: “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Romeo və Cülyetta”… Baxın, bunu süni intellekt necə yarada bilər? Vətəni sevmədən, necə “Vətən” balladası yazmaq olar? Həmişə kişi qadına deyəcək ki, mən səni sevirəm. Həmişə insan övladına onun memarı kimi baxacaq, nəvəsinə deyəcək ki, sən mənim son sevgimsən. Həmişə insan öz övladına “məndən də uca ol, məndən də yaxşı ol” deyəcək. Heç bir texnologiya insan sevgisini əvəz edə bilməz. Bəli, həyat çox sürətlə inkişaf edir. Telefonlar, maşınlar – hər bir şey dəyişir və dəyişəcək də. Amma “Səni sevirəm” həmişə qalacaq.

– Son zamanlarda dünyada nə çatmır?

– Təbəssüm! Həyat çox qısadır. Düşündüyümüzdən də qısa! Ona görə də nə qədər bacarırsan, gülməlisən, üzündə təbəssüm olmalıdır. Sən öz gülüşünlə həm özünü, həm də başqalarını sevindirməlisən. Problemlər çox olsa da, gülümsəmək lazımdır. Budur insanı yaxşıya kökləyən. Yoldan ötənin birinə xoş təbəssümlə baxırsan, onun da əhvalı düzəlir, sənə gülümsəyir, sənin də kefin kökəlir. Qanıqara olub, hamıya qaşqabaqlı baxanda, mənfi saçanda insanlar da mənfiyə yüklənirlər. Dediyim kimi, həyat qısadır. Gülümsəmək lazımdır!

Daha çox foto burada: PhotoStock.Az

Xanım Aydın

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir