“Plenum qərarında təcrübədə daha çox sual yaradan məsələlərdən biri nikah dövründə ipoteka ilə əldə edilən mənzilin bölgü məsələsidir. Məhkəmə praktikasında bununla bağlı çoxsaylı proses var. Artıq bu kredit hesabına alınan əmlakın pulu ödənilməmiş olsa da, tərəflər müəyyən müddət sonra boşanmış olsalar da, bu, ər-arvadın ümumi əmlakı sayılır”.
guncelxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” təqdim edilən və qəbul edilən plenum qərar layihəsinin məzmunu barədə sualları cavablandırarkən deyib.
O bildirib ki, eyni zamanda həmin əşyanın alınması üçün bankdan götürülən kredit məbləği də tərəflərin hər ikisinin ümumi öhdəliyi hesab edilir:
“Qalan borc sonuna qədər hər ikisi tərəfindən ödənilməlidir. Bir başqa hal, ər-arvad birgə nikah dövründə lotereya, mərc, intellektual oyunlarda iştirak edərək müəyyən bir gəlir əldə edə bilərlər. Ər-arvadın birgə və ayrıldıqda bütün göstərdikləri fəaliyyət, zəhmət, ailə təsərrüfatı üçün yerinə yetirilmiş hesab edilir. Artıq bu halda qanunla həmin intellektual oyunlardan, lotereya və şans oyunlarından əldə edilən gəlirlər də ailənin ümumi əmlakı hesab edilir. Çünki o lotereyanın alınması üçün sərf edilən vəsait ümumi əmlakdan verilmiş sayılır”.
Könül Cəfərli
guncelxeber.com