Suriya prezidentinin əmisi insanlığa qarşı cinayətlərdə ittiham olunur

By guncelxeber.com Mar 12, 2024

İsveçrə Federal Prokurorluğu hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunan Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsədin işini məhkəməyə verib.

Bu barədə İsveçrə hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, ittiham aktı “1982-ci ilin fevralında Həma şəhərində Suriya silahlı qrupları ilə islamçı müxalifət qüvvələri, xüsusən də “Müsəlman Qardaşlar” təşkilatının silahlı qanadı arasında qarşıdurma zamanı baş vermiş hadisələrə əsaslanır.

Prokurorluğun məlumatına görə, Suriyanın hazırkı prezidenti Bəşər Əsədin əmisi olan Rifat Əsəd Həma əməliyyatının komandiri kimi cinayətlər törədib.

Qeyd edək ki, prokurorluğa müraciət “TRIAL İnternational” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə baş tutub. Cinayət işi universal yurisdiksiya əsasında açılıb, istintaq açılan zaman Rifat Əsəd İsveçrədə olub.

Xatırladaq ki, Rifat Əsəd 1971-2000-ci illərdə ölkəyə rəhbərlik etmiş Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik qardaşıdır. O, 1984-cü ildə Hafiz Əsədə qarşı uğursuz çevrilişdən sonra Suriyanı tərk edərək Avropada, o cümlədən İsveçrə və Fransada yaşayıb. 2021-ci ildə Fransadan Suriyaya qayıdıb. Rifat Əsəd 1984-1998-ci illərdə ölkənin vitse-prezidenti vəzifəsində çalışıb.

Mənbə: TASS

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir