Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56,4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70,4 km-dir.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46,2 km-lik hissəsi birinci, 46,2-56,4 km-lik hissəsi isə ikinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21,5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16,5 metr təşkil edəcək.
Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20,4-56,4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20,4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I, 11-14 km-lik hissəsi isə III texniki dərəcəyə uyğun tikilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42,5% işlərin icrası yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir.
Artıq layihə üzrə 81 dairəvi, 32 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 4796 metr istinad divarı da inşa olunub.
Layihə üzrə ümumi uzunluğu 2357 m-lik 7 ədəd tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 tunelinin giriş və çıxış portalında qazma işləri bitib və betonlanma işləri görülür. T-2 tunellərində qazma və qrunt bərkitmə işləri gedir, T-3 girişi portal çalışmaları davam edir.
Layihə üzrə 503,8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6,9 milyon kubmetr həcmində qazma işləri aparılıb, 3,2 milyon kubmetr həcmində isə dolğu işləri icra olunub.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.